"Azərbaycanın harasında belə qayda var ki?..." - ETİRAZ
Naxçıvan Peşə Təhsil Mərkəzində tələbələrin telefonları dərs başlayanda əllərindən alınır, bir də günün sonunda qaytarılır.
Tehsilmedia.org bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a tələbələrin özləri məlumat verib.
Anonimliklərinin qorunmasını istəyən tələbə kollektivi deyir ki, buna görə gün ərzində, hətta tənəffüs zamanı belə ailələri ilə əlaqə saxlaya bilmirlər. Tələbələrin şikayəti bununla bitmir. Onlar həmçinin qida və içməli suya çıxışlarının məhdudlaşdırıldığını, problemlərini dilə gətirən tələbələrin isə alçaldıldığını, polislə və qovulmaqla hədələndiyini bildirirlər.
Tələbələr telefonlarının əllərindən alınmasını hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirirlər:
“Azərbaycanın harasında belə qayda var ki, bizə də tətbiq edirlər? Heç aşağı sinif şagirdləri ilə belə davranmırlar. Dərs zamanı telefondan istifadənin qadağan edilməsini başa düşürük. Ancaq telefonlarımız səhər ilk dərsdə toplanır və yalnız son dərsdən sonra qaytarılır. Buna görə tənəffüs zamanı belə ailəmizlə əlaqə saxlaya bilmirik. Xüsusilə ailəli tələbələr üçün bu, ciddi problemdir. Heç olmazsa, tənəffüs zamanı telefonlarımızın özümüzdə olmasını istəyirik”.
Tələbə kollektivi mərkəzdə su olmamasından da şikayət edir:
“Uzun müddət dərsdə oluruq, amma yemək üçün bəzən 20 dəqiqəlik fasilə belə verilmir. Binanın daxilində sərbəst içə biləcəyimiz su da yoxdur. Su almaq üçün çöldəki bufetə getməli və qapıdakı növbətçidən icazə almalıyıq. Mərkəzdə tələbələrin halının pisləşdiyi, hətta huşunu itirdiyi hallar olub”.
Müraciətdə bəzi müəllimlərin müəssisə daxilində siqaret çəkməsinə baxmayaraq, qadağanın tələbələrə sərt tətbiq edildiyi və qaydaların hamı üçün eyni olmadığı da iddia olunur.
Tələbələrin ən ciddi şikayətlərindən biri isə problemlərini dilə gətirərkən təhqir və hədə-qorxu ilə üzləşmələridir:
“Etiraz edənləri polisə verməklə hədələyirlər. Bizə ‘Bəyənmirsinizsə, gəlməyəydiniz’, ‘Gəlmisinizsə, çıxıb gedə bilərsiniz’ deyirlər. Hətta ‘Mərkəzdən iti qovan kimi qovaram’ deyə hədələyirlər. Qaydanı pozan tələbəyə xəbərdarlıq edilə bilər, amma onu alçaltmaq və qorxutmaq olmaz”.




























