Anar İsgəndərov: “Ali təhsil haqqında” qanunun qəbulu gecikməyib
"Ali təhsil haqqında” qanunun gecikmə səbəbləri açıqlanıb.
Tehsilmedia.org xəbər verir ki, bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov azedu.az və modern.az-a geniş müsahibəsində qeyd edib.
Komitə sədri “Ali təhsil haqqında” Qanunun təsdiqlənməməsinin səbəblərini açıqlayıb:
"Siz də bilirsiniz ki, “Ali təhsil haqqında” Qanun layihəsinin hazırlanmasına beşinci çağırışda başlanıldı. Onda İsa müəllim Elm və Təhsil Komitəsinin sədri idi. “Ali təhsil haqqında” Qanun layihəsini hazırlamaq asan deyil. Burada müxtəlif tərəflər var. Elm və Təhsil Nazirliyi bir tərəfdədir, universitetlər də öz yerində. Hər tərəfin öz marağı var. Məsələn, hər bir universitet rəhbərliyi çalışır ki, müəyyən məqamlar layihəd öz əksini tapsın. Biz isə deyirik ki, bəzi məsələlər Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Yəni hərənin öz marağı var”.
O bildirib ki, qanun layihəsinin hazırlanması ilə bağlı altıncı çağırışda da müəyyən işlər görülüb və hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir:
“İndi yeddinci çağırışdır və sizi əmin edirəm ki, “Ali təhsil haqqında” Qanun layihəsini hazırlamaq çox çətindir. Müstəqilliyin ilk illərində çox şeyi etmək olurdu. Nə üçün? Hər şey yeni idi. Amma 30 ildən sonra “təzə başlamışıq” ifadəsini işlətmək olmur. Artıq biz dünyada tanınırıq. Əgər bir ölkə Avropanın 16 ölkəsinə enerji verirsə, o, “Ali təhsil haqqında” sıradan qanun layihəsi hazırlaya bilməz. Hazırladığımız sənəd elə olmalıdır ki, bir neçə aydan sonra əlavə və dəyişiklik etməyə ehtiyac qalmasın”, - deyə komitə sədri vurğulayıb.
Anar İsgəndərov qanun layihısinin hazırlanmasının gecikmə kimi qiymətləndirilməsi ilə razı olmadğını vurğulayıb:
“Sizi əmin edirəm, işlər gedir. Nə vaxt son nöqtə qoyulacaq, onu demirəm. Amma işlər davam edir. Bunu gecikmə kimi qəbul etmək düzgün deyil".




























