Baş örtüyü məsələsi: Gəlin, məsələyə emosiya ilə yox, qanunla baxaq
Son günlər məktəblərdə şagirdlərin baş örtüyü ilə bağlı müzakirələr sosial şəbəkələrdə ciddi rezonans doğurur. Məsələ həssasdır. Çünki burada söhbət təkcə geyimdən getmir. Söhbətin içində məktəb qaydaları, dünyəvi təhsil prinsipi, valideyn məsuliyyəti, uşağın hüquqları və cəmiyyətdə fərqli düşüncələrə münasibət kimi bir neçə mühüm məsələ bir araya gəlir. Ona görə də belə bir mövzuda bir tərəfin emosiyasına qoşulub digər tərəfi ittiham etmək asandır, amma həqiqəti izah etmək daha böyük məsuliyyətdir.
Əvvəlcə bir məsələni dəqiqləşdirək.
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı qaydalara dəyişiklik edilib. Qərarda məktəbli formasının vahidliyinə və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi ilə bağlı müddəa yer alır. Amma burada çox mühüm bir hüquqi detal var: Qərarın mətnində “hicab qadağandır” ifadəsi yoxdur. Bu fərqi cəmiyyət bilməlidir. Çünki bir normativ sənəddə konkret olaraq yazılmayan ifadəni həmin sənədin adı ilə cəmiyyətə təqdim etmək yanlış anlaşılmaya səbəb ola bilər.
Digər tərəfdən, bu o demək də deyil ki, məktəblərdə geyimlə bağlı heç bir qayda yoxdur. Əksinə, dövlət ümumi təhsil müəssisələrində məktəbli formasının müəyyən edilməsi və onun vahidliyinin qorunması ilə bağlı qaydalar mövcuddur. Deməli, məsələni “hicab tərəfdarı” və “hicab əleyhdarı” kimi iki cəbhəyə bölmək doğru yanaşma deyil. Əsas məsələ qaydanın nə olduğu və həmin qaydanın məktəbdə necə tətbiq edilməsidir.
Məsələn, məktəb rəhbərliyi bir şagirdə “bu geyimlə məktəbə girə bilməzsən” deyirsə, bunun hüquqi əsası nədir? Həmin qərarın konkret hansı bəndinə istinad edilir? Valideynə bu barədə necə məlumat verilməlidir? Şagirdin təhsil almaq hüququ necə qorunmalıdır? Geyim qaydasının pozulması ilə bağlı məktəbin tətbiq edə biləcəyi tədbirlərin hüquqi sərhədi haradadır? Bunlar cavabsız qalanda məsələ artıq sadəcə geyim məsələsi olmur. Çünki məktəb həm qayda-qanunun qorunduğu, həm də uşağın hüquqlarının təmin edildiyi yerdir.
Qayda olmalıdır. Məktəbin öz geyim standartı olmalıdır. Dünyəvi təhsil prinsipi qorunmalıdır. Amma bütün bunlarla yanaşı, uşağın təhsil hüququ da qorunmalıdır.
Burada valideynin də məsuliyyəti var. Valideyn məktəbə göndərdiyi uşağın təhsil müəssisəsinin qaydalarına əməl etməsini təmin etməlidir. Məktəbin də məsuliyyəti var — qaydanı tətbiq edərkən şəxsi münasibətdən, emosiyadan və fərdi yanaşmadan deyil, hüquqi normadan çıxış etməlidir. Ən vacibi isə budur: heç bir məktəb rəhbəri öz şəxsi düşüncəsini dövlət qaydası kimi təqdim etməməlidir. Eyni zamanda, heç bir valideyn də məktəbin müəyyən etdiyi qanuni qaydanı yalnız öz şəxsi mövqeyinə görə qəbul etməmək haqqını məktəbin üzərinə hüquqi öhdəlik kimi qoya bilməz. Ona görə bu məsələdə nə bir tərəfi günahlandırmaq, nə də digər tərəfi müdafiə etmək lazımdır. Əvvəlcə sənədə baxmaq lazımdır. Sonra onun necə tətbiq edildiyinə. Daha sonra isə konkret hadisə varsa, həmin hadisənin hüquqi tərəfinə.
Bizim mövqeyimiz də məhz budur: Nə baş örtüyünü hədəfə almaq, nə də məktəbin qanuni qaydalarını görməzdən gəlmək. Çünki təhsil müəssisəsi nə dini mübahisə meydanıdır, nə də şəxsi münasibətlərin idarə olunduğu yer. Məktəb — uşağın oxuduğu, öyrəndiyi və hüquqlarının qorunduğu məkandır. Qayda varsa, onun hüquqi əsası olmalıdır. Tələb varsa, onun sərhədi bilinməlidir. Mübahisə varsa, cavabı emosiyada yox, qanunda axtarmaq lazımdır.
Təhsil Media olaraq bizim məqsədimiz də kiminsə hisslərinə toxunmaq deyil. Məqsədimiz cəmiyyətin bilməli olduğu bir məsələni aydınlaşdırmaqdır: dövlət hansı qaydanı müəyyən edib, həmin qayda nəyi əhatə edir və məktəblər bu qaydanı hansı hüquqi çərçivədə tətbiq etməlidir?
Çünki hüququn olduğu yerdə nə qorxuya, nə də şayiəyə ehtiyac qalır.





























