Bunlar oyuncaq sayılmayacaq – Texniki reqlament təsdiqlənib
Azərbaycanda oyuncaqların təhlükəsizliyi haqqında texniki reqlament təsdiqlənib.
Tehsilmedia.org xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, oyuncaqlar təyinatı üzrə istifadə edildikdə istifadəçilərin həyat və sağlamlığına təhlükə yaratmayacaq şəkildə hazırlanmalı və istehsal edilməli, habelə oyuncağın konstruksiyasına, istifadə olunan materiallara, oyuncağın funksiyasını və əsas xüsusiyyətlərini dəyişdirmədən, materialı əvəz etmədən konstruksiyasının dəyişdirilməsi mümkün olmayan istifadəsinə görə hər hansı riskin olmaması təmin edilməlidir. Oyuncaqlardan istifadə edilən zaman yaranan risklər uşaqların yaş xüsusiyyətlərinə uyğun olmalıdır.
Həmçinin oyuncaqların materiallarına dair tələblər də qərarla təsbit edilib.
Texniki reqlamentlə əhatə olunmayan və oyuncaq sayılmayan mallar isə aşağıdakılardır:
1. Yolka ağacı bəzəkləri, süni ağaclar və aksesuarları, elektrik çələngləri.
2. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan kolleksiya məqsədləri üçün hazırlanmış miqyaslı modellər.
3. Uşaq meydançaları üçün avadanlıqlar.
4. İdman avadanlıqları, o cümlədən sualtı avadanlıqlar.
5. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan folklor və dekorativ kuklalar.
6. Ümumi istifadə üçün ictimai yerlərdə quraşdırılmış “peşəkar” oyuncaqlar.
7. Oyun avtomatları.
8. 500-dən çox parçadan ibarət pazllar.
9. Pnevmatik silahlar.
10. Katapultlar və atıcı qurğular.
11. Metal başlıqlı atıcı mərmilər.
12. Oyuncaqla birlikdə təchiz olunanlar da daxil olmaqla, oyuncaq üçün şəbəkədən qidalanan transformatorlar, akkumulyatorlu batareyalar üçün şarj cihazları.
13. Tərkibində qızdırıcı elementləri olan və böyüklərin nəzarəti altında tədris prosesində istifadə üçün nəzərdə tutulmuş məhsullar.
14. Daxiliyanma mühərrikləri olan 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri.
15. Buxar mühərrikləri olan oyuncaq avtomobillər.
16. Yollarda ümumi istifadə üçün nəzərdə tutulmuş velosipedlər.
17. 24 V-dan yuxarı nominal gərginliklərdə işləyən oyunlar və oyuncaqlar.
18. Odlu silahların dəqiq surətləri.
19. Uşaqlar üçün bijüteriya.
20. Üzgüçülük cihazları (məsələn, qollara taxılan şişmə manjetlər).
21. Qoruyucu ləvazimatlar (üzgüçülük eynəkləri, gün eynəkləri, velosiped və skeytbord dəbilqələri).
22. Uşağın rezin qaytandan istifadə edərək atdığı uçan oyuncaqlar.
23. Uzadılmamış vəziyyətdə uzunluğu 1200 millimetrdən çox olan atıcı yaylar.
24. Uşaqlar üçün lateks, rezin və silikon elastomerlərdən hazırlanmış sanitar məmulatlar




























