"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
“Bu gün dünyada bizim qardaşlığımızı və birliyimizi pozmaq istəyən qüvvələr var. Avropada, Yaxın Şərqdə, hətta qonşularımız arasında belə Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlərə rast gəlinir. Amma bütün bunlara ən gözəl cavab Azərbaycanla Türkiyənin həm ədəbiyyatda, həm düşüncədə, həm də keçmişdə və gələcəyə baxışda bir olmasıdır. Keçmişdə də bizi bir-birimizdən ayırmaq istəyənlər olub, amma gələcəyimizin də birlikdə olduğu şübhəsizdir. Bizi heç kim ayıra bilməz”.
Tehsilmedia.org xəbər verir ki, bu fikirləri “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbiridə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, gənclərimizin bu duyğuları yaşaması, bu hisslərlə böyüməsi və onları gələcək nəsillərə ötürməsi çox vacibdir.
“Mən bir şair və romançı kimi bu hissləri həyatım boyu yaşatmışam və bunu böyük qürurla deyirəm. Eyni zamanda ədəbiyyatla məşğul olan bir insan kimi həm Türk, həm də Azərbaycan ədəbiyyatını yaxından öyrənmişəm.
Bu səbəbdən sizin təqdimatlarınızı da sadəcə bir dinləyici kimi deyil, ədəbiyyatçı gözü ilə dinlədim. Gənclərimizin ədəbiyyata bu cür yanaşması, əsərləri yalnız oxumaqla kifayətlənməyib öz düşüncələrini və fikirlərini düzgün ifadə etməsi çox önəmlidir. Oxuduğun əsərin dəyərini necə ifadə etdiyin də ən az əsərin özü qədər vacibdir. Sizin təqdimatlarınız müasir ədəbi təhlil yanaşmalarına uyğun idi. Siz ədəbiyyatımızın keçmişdən bu günə qədər keçdiyi yolu çox aydın və uğurlu şəkildə təqdim etdiniz. Məhz buna görə hər birinizə öz təşəkkürümü və təbriklərimi çatdırmaq istəyirəm”.




























