Emin Əmrullayev: “Müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib”
“Müəllimliyi ən yaxşı məzunlar arasından seçirik, yoxsa balı çatanlardan?”.
Tehsilmedia.org xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev müəllimliyə qəbul zamanı namizədlərin hansı meyarlarla seçilməsinin vacibliyinə diqqət çəkib.
Nazir bu barədə Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı danışıb.
Emin Əmrullayev bildirib ki, təhsil sistemində əsas diqqət şagirdlərin daha yaxşı öyrənməsinə yönəlməlidir:
“Əgər şagirdlər kənarda qalıb, biz isə öz-özümüzü müzakirə ediriksə, onda başa düşməliyik ki, bizim işimizin mahiyyəti şagirdlərlə bağlıdır. Bu, mənə görə, ikinci vacib məqamdır.
Bundan əlavə, nizam-intizam və öyrənmənin idarə olunması çox vacibdir. Çünki öyrənmə özü də müəyyən idarəetmə tələb edir.
Təbii ki, bu proses müəyyən mənada təbii şəkildə baş verir. Müasir texnologiyalar, öyrənmənin rəqəmsallaşması və digər məsələlər haqqında danışanda onun idarə olunması müasir müəllimdən və müasir bacarıqlardan tələb olunur.
Hazırda, bir neçə il əvvəl, 10-15 il, hətta 35 il əvvəllə müqayisədə öyrənməni daha yaxşı rəqəmsallaşdırmaq, daha yaxşı başa düşmək və daha yaxşı idarə etmək mümkündür. Mənə görə, əsas fərq də bundan ibarətdir.
Amma özü-özlüyündə uşaqların və ətraf mühitin də dəyişdiyini danmaq mümkün deyil. Bu mənada müəllimin işi asanlaşmayıb, əksinə, çətinləşib.
Nəhayət, sistem olaraq ölçülə bilən məsələlərə baxanda bizi sevindirən ən vacib məqam müəyyən zaman ərzində əldə olunan nəticələrdir. Biz buna illər ərzində təkrar-təkrar baxırıq. Məsələn, 10 il əvvəlki vəziyyətlə 15 il əvvəlki vəziyyəti müqayisə edirik.
Burada ən vacib məsələlərdən biri də budur: bu il müəllimliyə qəbul etdiyimiz və gələcəkdə müəllim kimi işləyəcək tələbələr öz buraxılış illərindəki məzunların hansı hissəsini təmsil edirlər?
Biz müəllimliyi ən yaxşı 20 faiz məzun arasından seçirik, yoxsa 30 faiz məzun arasından seçirik? Yaxud şərti olaraq desək, bir neçə ixtisas seçib həmin ixtisaslara qəbul ola bilməyən və ən sonda balı müəllimliyə çatan şəxslərdən müəllim seçirik? Bu, çox vacib məqamdır”.




























