65 yaş məktəbdə, 90 yaş universitetdə...
Təhsil sistemində bəzən elə mənzərələrlə qarşılaşırsan ki, adam istər-istəməz dayanıb düşünür: Görəsən, müəllim üçün yaş həddi harada başlayır, harada bitir?
Məktəbdə müəllim 65 yaşına çatanda sanki təqvimdə görünməz bir xətt çəkilir. İllərlə sinif otağında dərs deyən, minlərlə şagirdə bilik verən, həyatının ən məhsuldar illərini məktəbə həsr edən müəllim üçün dərhal “yaş həddi” məsələsi ortaya çıxır. Amma universitetin qapısından içəri keçəndə həmin təqvim nədənsə bir qədər fərqli işləyir.
Mənə təqdim olunan məlumata görə, vəzifəli şəxslərdən birinin yaxın qohumu olduğu bildirilən, yaşı 90-a yaxınlaşan bir şəxsin Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyət göstərdiyi və kafedra müdiri vəzifəsini icra etdiyi iddia olunur.
Bu məlumatı hazırda ayrıca rəsmi sənədlə təsdiqlənmiş fakt kimi təqdim etmirəm. Əgər doğru olduğu təsdiqlənərsə, məsələ artıq bir şəxsin yaşı ilə bağlı deyil. Məsələ eyni təhsil sistemində yaş meyarlarının necə və hansı əsaslarla tətbiq olunmasıdır.
Məktəbdə 65 yaşında müəllim üçün “yaş həddi” əsas gətirilirsə, universitetdə daha yüksək yaşda müəllimin fəaliyyətini davam etdirməsinə hansı hüquqi və peşəkar meyarlar imkan verir? Müəllim müəllim deyilmi? Sinif otağında yaşlanmaq başqa, auditoriyada yaşlanmaq başqa qayda ilə ölçülür?
Əgər 90 yaşında müəllimin təcrübəsi, biliyi və elmi fəaliyyəti hələ də faydalıdırsa, bu, əlbəttə, özü-özlüyündə problem deyil. Əksinə, təcrübəli insanların elmə xidmət etməsi qiymətli resursdur. Amma onda məktəbdə 65 yaşına çatmış müəllimin də təcrübəsinə, nəticəsinə, elmi və pedaqoji fəaliyyətinə fərdi qaydada qiymət verilməsi niyə eyni prinsipə çevrilməsin? Axı universitet professoru da bir vaxtlar məktəb müəlliminin şagirdi olub.
Məktəbdə “yaş həddi”, universitetdə isə “təcrübə” — bu iki yanaşmanın hüquqi sərhədi haradan keçir?
Mənim üçün burada əsas məsələ konkret şəxsin neçə yaşında olması deyil. Əsas məsələ qaydanın necə tətbiq edilməsidir.
Əgər qanun müəyyən yaş həddindən sonra fəaliyyətin davam etdirilməsinə imkan verirsə, bunun şərtləri açıq şəkildə izah olunmalıdır. Əgər istisnalar varsa, həmin istisnaların hüquqi əsası da cəmiyyətə məlum olmalıdır.
Çünki jurnalistikanın işi kiminsə yaşını müzakirə edib hökm çıxarmaq deyil. Jurnalistin işi eyni qaydanın niyə bir yerdə sərt, başqa yerdə isə daha elastik tətbiq olunduğunu soruşmaqdır.
Və mənim sualım da məhz budur:
65 yaşında məktəb müəlliminə “artıq vaxtındır” deyən sistem, daha yüksək yaşda universitet müəlliminə “davam et” deyirsə, bu fərqin hüquqi və məntiqi izahı haradadır?
Cavab sənəddə varsa — ortaya qoyulsun. Qayda varsa — hamıya göstərilsin.İstisna varsa — hüquqi əsası açıqlansın.
Çünki təhsildə ədalət yalnız dərs kitablarında yazılan söz deyil. O, ilk növbədə, qaydanın kimə necə tətbiq olunmasında görünür.




























