Baş tutmayan “AİLƏ ƏMƏLİYYATI”: İzlər BŞTİ-yə aparır!
Adı qalmaqalda hallanan direktor niyə məhz “öz ərizəsi ilə” getdi? Bəs cavabsız suallar kimə qaldı?
Bəzən bir hadisənin ən maraqlı tərəfi onun necə baş verməsi deyil, hadisədən sonra kimin məsuliyyət daşımalı olduğu sualının necə cavabsız qalmasıdır. Təhsil sistemində baş verən bəzi olaylar isə bu baxımdan əsl müəmmaya çevrilir. Bakıda yerləşən Tərlan Heybətov adına “Vətən” idman liseyinin direktoru Tərminə Əsədovanın vəzifədən ayrılması da belə suallardan birini gündəmə gətirir.
Xatırladaq ki, liseyin tarix müəllimi Pünhan Pənahovun məzunlardan birinin valideynindən Dövlət İdman Akademiyasına qəbul zamanı qabiliyyət imtahanı ilə bağlı kömək vədi qarşılığında 5 500 manat aldığı barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda direktor Tərminə Əsədovanın da adı çəkilir, müəllimin başqa şəxslərdən də pul aldığına dair iddialar səsləndirilirdi.
Bu məsələdə hər bir iddianın hüquqi qiymətini məhkəmə və səlahiyyətli orqanlar verməlidir. Lakin ortada ictimai maraq doğuran suallar varsa, onların cavabsız qalması da normal sayıla bilməz.
Mediada yayılan məlumatlara görə, müəllim barəsində hüquqi proses aparılıb. Ancaq ictimaiyyətin maraqlandığı digər məqamlar — direktorun bu hadisədən nə dərəcədə məlumatlı olması, hər hansı əlaqəsinin olub-olmaması və məsələ ilə bağlı inzibati araşdırma aparılıb-aparılmaması — ayrıca aydınlaşdırılmalıdır.
Məhz bu suallara cavab almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə informasiya sorğusu ünvanladıq.
Sorğuda üç konkret məsələ qaldırıldı:
1. Tərminə Əsədova vəzifədən azad olunubmu?
2. Əgər olunubsa, bunun səbəbi nədir və hadisə ilə bağlı idarə tərəfindən xidməti araşdırma aparılıbmı?
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidlinin adı çəkilən hadisə ilə bağlı hər hansı əlaqəsi və ya maraqlar toqquşması ehtimalı araşdırılıbmı?
Bəs cavab nə oldu?
BŞTİ-nin bizə verdiyi məlumata görə, Tərminə Əsədovanın əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilib.
Vəssalam! İctimaiyyətin gözlədiyi aydınlıq isə hələ də yoxdur.
Cənablar, məşhur məsəldə deyildiyi kimi, bu, ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı?
Söhbət bir direktorun ərizə yazıb vəzifədən ayrılmasından getmir. İnsan öz təşəbbüsü ilə işdən ayrıla bilər. Bu, qanunla nəzərdə tutulan hüquqdur. Ancaq həmin şəxsin adı ictimai rezonans doğuran hadisə ilə bağlı mediada hallanırsa, vəzifədən ayrılması digər sualları avtomatik aradan qaldırmır.
Əsas məsələ budur: İşdən ayrılma ilə məsələ bağlanır, yoxsa baş verənlərin mahiyyəti də araşdırılır? Əgər xidməti araşdırma aparılıbsa, onun nəticəsi nədir? Aparılmayıbsa, səbəb nədir? Təhsil müəssisəsində belə ciddi iddialar səslənərkən idarə rəhbərliyi hansı addımları atıb?
Bunlar nə kiməsə hökm oxumaqdır, nə də əsassız ittiham irəli sürmək. Bunlar ictimaiyyətin cavabını bilməyə haqqı olan suallardır.
GƏLİN-QAYNANA MƏSƏLƏSİ: QOHUMLUQ FAKTI ARAŞDIRMA ÜÇÜN ƏSASDIRMI?
Mediada Tərminə Əsədova ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli arasında ailə əlaqəsi olduğu qeyd edilib. Bu məqam da məsələ ətrafında əlavə suallar yaradıb.
Ancaq burada bir prinsipə əməl etmək vacibdir: qohumluq əlaqəsi özlüyündə cinayətdə iştirakın sübutu deyil. Eyni zamanda, belə bir əlaqə varsa və vəzifəli şəxsin qərarvermə prosesində iştirakına dair əsaslı şübhələr yaranırsa, həmin halların obyektiv araşdırılması ictimai etimad baxımından əhəmiyyətlidir. Ona görə də sualımız konkret və aydındır: Turanə Məcidlinin bu hadisə ilə bağlı hər hansı xidməti qərara, araşdırmaya və ya müdaxiləyə aidiyyəti olubmu? Olmayıbsa, bunu aydın şəkildə bildirmək niyə çətin olmalıdır?
Əgər hər hansı əlaqə və ya qanun pozuntusu müəyyən edilməyibsə, bunu təsdiqləyən rəsmi mövqe də açıqlana bilər. Əgər araşdırma aparılmayıbsa, bunun səbəbi izah olunmalıdır. Yoxsa hər dəfə ictimai rezonans doğuran hadisələrdən sonra bir nəfərin vəzifədən ayrılması ilə kifayətlənəcəyik, qalan suallar isə havadan asılı qalacaq?
MƏKTƏB DİREKTORLARINA MÜNASİBƏT VƏ İDARƏETMƏ MƏSULİYYƏTİ
Təhsil idarəçiliyi yalnız direktorların qarşısına tapşırıqlar qoymaq, onlardan hesabat tələb etmək və nöqsan axtarmaqdan ibarət deyil. İdarəçilik, ilk növbədə, məsuliyyət, peşəkarlıq, obyektivlik və özünə qarşı yönələn suallara da cavab vermək cəsarətidir. Təcrübəli məktəb rəhbərlərinə münasibət, idarəçilərin davranışı və verilən tapşırıqların mahiyyəti ilə bağlı narazılıqlar varsa, bunlar da araşdırılmalı, tərəflərin mövqeləri dinlənilməlidir.
Turanə Məcidlinin məktəb direktorları ilə münasibəti barədə də mediada və təhsil ictimaiyyətində müxtəlif fikirlər səsləndirilir. Lakin konkret hadisələrə dair sənədlər və rəsmi açıqlamalar olmadan həmin fikirləri təsdiqlənmiş fakt kimi təqdim etmək düzgün olmazdı. Elə buna görə də idarə rəhbərliyinin mövqeyi əhəmiyyət daşıyır. Axı təhsil sistemində vəzifə daşıyan şəxslərdən tələb olunan hesabatlılıq yalnız aşağıya doğru işləməməlidir. İctimaiyyətin suallarına cavab vermək məsuliyyəti yuxarı pillələrdə oturanlara da aiddir.
SONDA BİR SUAL QALIR...
Tərminə Əsədovanın əmək müqaviləsinə öz ərizəsi ilə xitam verilib. Bu, artıq yayılan məlumatdır. Ancaq cəmiyyətin gözlədiyi cavab yalnız budurmu?
Bəs səslənən iddialar araşdırılıbmı? Xidməti yoxlama keçirilibmi? Müəyyən edilmiş faktlar varmı? Adı çəkilən digər vəzifəli şəxsin məsələyə aidiyyəti araşdırılıbmı?
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu suallara aydın, dolğun və sənədlərə əsaslanan cavab verməlidir. Çünki vəzifədən getmək bir məsələdir, ictimaiyyət qarşısında yaranmış suallara cavab vermək tamam başqa məsələ.
Təhsil sistemində məsuliyyət yalnız müəllimin, direktorun və ya sıravi əməkdaşın qapısında dayanmamalıdır. Qanun hamı üçün eynidirsə, hesabatlılıq da hamı üçün eyni olmalıdır.
Hələlik isə cavabsız suallar öz yerində qalır. Araşdırma davam etməli, faktlar ortaya qoyulmalı, hüquqi qiyməti isə səlahiyyətli orqanlar verməlidir. Görək, bu müəmmalı hekayənin növbəti səhifəsində hansı cavablar olacaq...
Hörmətlə,
Sakit Muradov
Tehsilmedia.org-un
Baş redaktoru




























