Dərslər başlayıb, tələbələr hələ də cədvəl gözləyir...
Artıq bir aya yaxındır ki, universitetlərdə dərslər başlayıb.
Lakin hələ də bir çox ali təhsil müəssisəsində dərs cədvəlləri tam hazır deyil. Bu da tələbələr, xüsusən də paralel olaraq çalışan gənclər üçün ciddi çətinlik yaradır.
Maraqlıdır, bu boşluğun yaranmasına səbəb olan amillər nələrdir? Nə üçün cədvəllər dərslər başlamazdan əvvəl hazır olmur?
Tehsilmedia.org bildirir ki, azedu.az-a mövzu ilə bağlı açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, əsas səbəbi müxtəlif yerlərdən professor-müəllim heyətinin dəvət olunması və həmin müəllimlərin bir neçə ali təhsil müəssisəsində paralel çalışmalarıdır:
"Ali təhsil müəssisələrində dərs cədvəllərinin hazırlanmasına adətən professor-müəllim heyətinin məzuniyyətdən qayıtdığı dövrdə, ayın 7-dən sonra başlanılır. Müəllimlərin işə çıxması ilə dərslərin başlanması arasındakı 7-15 günlük qısa müddətdə bəzi ali təhsil müəssisələrində cədvəllərin hazırlanması və vaxtında çatdırılması kifayət qədər çətin olur.
Bunun əsas səbəblərindən biri professor-müəllim heyətinin müxtəlif yerlərdən dəvət olunması və həmin müəllimlərin bir neçə ali təhsil müəssisəsində paralel çalışmasıdır. Bu zaman dərs qrafiklərinin uyğun şəkildə bölüşdürülməsi, müəllimlərin dərs saatlarının üst-üstə düşməməsi və cədvəldə “pəncərə”lərin (boş vaxt aralıqlarının) olmaması tələbi cədvəllərin hazırlanmasını ləngidir. Nəticədə proses bəzən bir həftə deyil, iki-üç həftəyə qədər uzana bilir.
Bir çox ali təhsil müəssisəsində artıq sabit cədvəllər hazırlanıb və proses qaydasında davam edir. Lakin bəzi universitetlərdə müəllim çatışmazlığı və ya auditoriya ilə bağlı məsələlər müəyyən çətinliklər yaradır. Bu problemlərin vaxtında həll olunması tələbələrə həm iş qrafiklərini, xüsusən də yarımştat çalışanlara, tənzimləmək, həm də asudə vaxtlarını daha səmərəli planlaşdırmaq imkanı verəcək".





























