İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
“Heç bir təhsil sistemi öz müəlliminin keyfiyyətindən daha yüksək nəticə göstərə bilməz. Bu, təhsil siyasətində mühüm prinsiplərdən biridir...”
Tehsilmedia.org moderator.az-a istinadən aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, dosent İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Təhsil prioritetdir: Milli təhsilin gələcəyinə konseptual baxış...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışında ölkənin gələcəyi baxımından vacib fikir söylədi: “Təhsil bir nömrəli prioritetdir”.
Prezident bu haqda danışarkən, qarşıdakı məqsədlərə çatmaq üçün keyfiyyətli insan kapitalının əhəmiyyətini xüsusi vurğulayıb. Ölkə başçısı 2003-cü ildə “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasını bəyan edərkən ölkə iqtisadiyyatı üçün insan kapitalının əhəmiyyətini xüsusi qeyd edib. Bu yanaşma 21-ci əsrdə çox aktualdır: investisiya, texnologiya, enerji, rəqəmsal infrastruktur və coğrafi üstünlüklər iqtisadi inkişaf üçün mühüm resurslardır, lakin bütün bu resursları iqtisadi və sosial dəyərə çevirən əsas güc insandır. Deməli, təhsil artıq yalnız sosial siyasət məsələsi deyil, həm də milli inkişafın əsasıdır...
Prezidentin təhsili prioritet sahə elan etməsinin davamı olaraq müvafiq icra hakimiyyətinin, yəni Elm və Təhsil Nazirliyinin bu Prezident tapşırığını milli nəticəyə çevirməsi, təhsil idarəetməsinin müasir modelini yaratması zəruridir...
“Bir nömrəli prioritet” ifadəsi bizə nə deyir?..
Bu, adi siyasi tezis və ya ictimaiyyətə verilən mesaj deyil. Bu ifadənin arxasında dövlətinin gələcək inkişaf modelinə dair çox mühüm bir məntiq dayanır: ölkənin gələcək iqtisadi gücü, rəqabətqabiliyyətliliyi, texnoloji inkişafı, insan rifahı və milli təhlükəsizliyi son nəticədə insan kapitalının keyfiyyətindən asılıdır.
Təhsil “bir nömrəli prioritet”dirsə, bu sahəni konkret olaraq necə idarə etmək, maliyyələşdirmək, ölçmək və qiymətləndirmək lazımdır?..
Bu məsələlərdə ETN –nin rolu mühüm olmalıdır. Lakin təhsilin inkişafı tək ETN-dən yox, həm də hökumət, parlament, əmək bazarı, ailə, bələdiyyələr, universitetlər, məktəblər, müəllimlər, biznes, elm ictimaiyyəti və vətəndaş cəmiyyətindən də asılıdır. Bununla belə, təhsil siyasətini formalaşdıran, standartları müəyyən edən, resursları istiqamətləndirən, keyfiyyəti ölçən və nəticələrə görə idarəetmə mexanizmlərini quran mərkəzi qurum kimi ETN-nin rolu strateji əhəmiyyət daşıyır. Bu səbəblərdən “təhsil bir nömrəli prioritetdir” tezisi ETN-dən yeni reallığa- ölkədə həyata keçirilən rəqəmsal transformasiya və innovativ inkişaf siyasətinə uyğun idarəetmə fəlsəfəsi formalaşdırmağı tələb edir. Bu fəlsəfə təhsili prioritet kimi elan etməkdən yekin nəticəni idarə etməyə, tədbirlər siyahısından milli nəticələr sisteminə, inzibati nəzarətdən ağıllı idarəetməyə keçidi əhatə etməlidir...
TƏHSİLDƏ UĞUR NƏDİR?..
Təhsil sistemində ən ciddi problemlərdən biri “fəaliyyət” ilə “nəticə”nin qarışdırılmasıdır. Belə ki, məktəb tikmək, dərslik çap etmək, müəllimləri təlimə göndərmək, kompüter almaq, yeni proqram qəbul etmək fəaliyyətdir. Amma bunların heç biri özlüyündə təhsilin keyfiyyətinin yüksəldiyini hələ sübut etmir.
Təhsildə nəticə şagird inkişafı ilə, yəni şagird daha yaxşı oxuyurmu, riyazi düşünürmü, elmi savadlılığı yüksəlirmi, problem həll edə bilirmi, müstəqil düşünürmü və ya universitet məzunu əmək bazarında tələb olunan səriştəyə malikdirmi, müəllim səmərəli təlim yarada bilirmi, tədqiqat universitetləri real elmi və iqtisadi dəyər yarada bilirmi kimi məsələlərlə müəyyən edilir. Beləliklə, ETN-nin idarəetmə fəlsəfəsində əsas prinsip hər tədbirin arxasında ölçülə bilən nəticənin olmasıdır.
ETN NƏTİCƏƏSASLI TƏHSİL İDARƏETMƏ MODELİNƏ KEÇMƏLİDİR...
Azərbaycanın təhsil siyasətində növbəti mərhələnin əsas vəzifəsi nəticəəsaslı idarəetmə olmalıdır. Belə modeldə hər səviyyə üçün aydın nəticələr müəyyənləşdirilməlidir. Məsələn, məktəbəqədər təhsildə uşağın məktəb hazırlığı, ümumi təhsildə məzunun hansı bilik və səriştələrə malik olması, peşə təhsilində məzunun hansı peşə bacarıqları ilə əmək bazarına daxil olması, ali təhsildə məzunun hansı peşə, tədqiqat və innovasiya səriştələrinə malik olması, elm sahəsində tədqiqatların hansı elmi, texnoloji və iqtisadi nəticəni yaratması konkretləşməlidir. Belə sistemdə hər pillə üçün “öyrənmə nəticələri pasportu” yaradılmalıdır. Bu yanaşma təhsil idarəetməsində ciddi dönüş yarada bilər.
“MİLLİ ÖYRƏNMƏ NƏTİCƏLƏRİ” SİSTEMİ YARADILMALIDIR...
ETN-nin strateji vəzifələrindən biri təhsilin bütün pillələri üzrə “Milli öyrənmə nəticələri çərçivəsi”nin yaradılması ola bilərdi. Bu çərçivə yalnız fənn biliklərindən ibarət olmamalıdır. Müasir dünyada məzunun tənqidi düşünməsi, problem həll etməsi, ünsiyyət bacarığı, yaradıcılığı, əməkdaşlıq qabiliyyəti, rəqəmsal savadlılığı, süni intellekt savadlılığı, informasiya və media savadlılığı, tədqiqat bacarığı, sahibkarlıq düşüncəsi də ölçülməlidir...
Xüsusilə süni intellekt dövründə “şagird nə bilir?” sualı ilə yanaşı, həm də “şagird bu bilik əsasında nə edə bilir?” sualı da vacibdir. PISA-nın əsas məntiqi də məhz bilik və bacarıqların real həyat situasiyalarında tətbiqini ölçməkdir...
MÜƏLLİM SİYASƏTİ İSLAHATLARIN MƏRKƏZİNƏ KEÇMƏLİDİR...
Heç bir təhsil sistemi öz müəlliminin keyfiyyətindən daha yüksək nəticə göstərə bilməz. Bu, təhsil siyasətində mühüm prinsiplərdən biridir. Ona görə də müəllim hazırlığı məsələsinə yalnız “ixtisasartırma kursları” prizmasından baxmaq kifayət deyil.
Müəllim siyasəti bütöv ekosistem kimi qurulmalıdır: seçim → hazırlıq → məktəbə giriş → mentorluq → peşəkar inkişaf → karyera → qiymətləndirmə → motivasiya → liderlik.
Gənc müəllim məktəbə daxil olduqda onu sinifdə tənha buraxmaq olmaz. İlk iki ildə mentor müəllim sistemi olmalıdır. Müəllimin peşəkar inkişafı ildə bir neçə seminarla məhdudlaşmamalıdır. Ən səmərəli model davamlı, praktik və məktəb daxilində həyata keçirilən peşəkar öyrənmə modelidir. Müəllim öz dərsini təhlil etməli, həmkarının dərsini müşahidə etməli, yeni metodları sınaqdan keçirməli, nəticəni ölçməli və yenidən təkmilləşdirməlidir. Amma bunlarla yanaşı təhsilin nəticələrinə görə bütün məsuliyyəti tam olaraq müəllimin üzərinə qoymaq da olmaz. Müəllim özü də bu sistemin yetirməsidir...
MÜƏLLİMİN YENİ ROLU...
Süni intellekt müəllim peşəsini ciddi şəkildə dəyişdirir. Artıq Sİ məzmun yaradır, tapşırıq hazırlayır, fərdi izah verir, test yaradır, şagird cavablarını ilkin analiz edir, fərdi təlim materialları hazırlayır. Bu şəraitdə müəllimin əsas üstünlüyü məlumatı ötürmək deyil. Müəllim artıq öyrənmə mühiti yaradan, şagird motivasiyasını formalaşdıran, düşünməni istiqamətləndirən, sosial və emosional inkişafı dəstəkləyən, etik qərarları izah edən peşəkar olmalıdır. İndi müəllimin yeni rolu formalaşır. “Dərs deyən” müəllimdən, “öyrənməni layihələndirən” müəllimə keçid baş verir...
UNESCO-nun Sİ üzrə müəllim səriştələri çərçivəsində də insan mərkəzli yanaşma, Sİ etikası, Sİ-nin əsasları və tətbiqləri, Sİ pedaqogikası və peşəkar inkişaf ayrıca səriştə kimi müəyyənləşdirilir. Azərbaycan üçün də milli “Sİ dövrünün müəllimi” səriştə modeli hazırlanması məqsədəuyğun olardı...
MƏKTƏBİN İDARƏEDİLMƏSİ DƏYİŞMƏLİDİR...
Direktor sadəcə inzibati rəhbər olmamalıdır. Müasir məktəbin direktoru təhsil lideri + insan resursları meneceri + data analitiki + dəyişiklik rəhbəri + icma lideri funksiyalarını yerinə yetirməlidir. Buna görə məktəb direktorlarının hazırlığında ayrıca “Məktəb liderliyi akademiyası” modelinin yaradılması faydalı ola bilər. Direktor məktəb məlumatlarını təhlil etməyi, müəllim fəaliyyətini dəstəkləməyi, məktəbin inkişaf planını hazırlamağı, maliyyəni idarə etməyi, valideynlərlə işləməyi, riskləri idarə etməyi, rəqəmsal alətlərdən istifadəni bacarmalıdır...
ADAMBAŞINA MALİYYƏLƏŞDİRMƏ YALNIZ MALİYYƏ TEXNİKASI OLMAMALIDIR...
2026–2027-ci tədris ilindən dövlət ümumtəhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin mərhələli tətbiqinə başlanılması təhsil idarəetməsində ciddi təşkilati dəyişiklikdir. Lakin burada əsas məsələ yalnız maliyyənin şagird sayına görə bölüşdürülməsi deyil.
Maliyyə mexanizmi keyfiyyət nəticələrinə necə bağlanacaq? Unutmayaq ki, ucqar kənd məktəbinin ehtiyacı ilə şəhər məktəbinin ehtiyacı eyni deyil, inklüziv təhsil tələb edən məktəbin xərcləri fərqlidir, xüsusi dəstəyə ehtiyacı olan şagirdlərin olduğu məktəblərdə əlavə resurs tələb olunur. Ona görə gələcək maliyyələşmə modeli “baza maliyyəsi + ehtiyac əsaslı maliyyə + strateji nəticələr üçün əlavə maliyyə” prinsipinə doğru inkişaf etdirilə bilər. Əsas məqsəd yalnız “ədalətli bölüşdürmə” deyil, təhsil imkanlarının və nəticələrinin bərabərləşdirilməsi olmalıdır...
REGİONLAR ARASINDA KEYFİYYƏT FƏRQİ MİLLİ PROBLEM KİMİ QƏBUL EDİLMƏLİDİR...
Azərbaycanın təhsil sistemi üçün ən mühüm məsələlərdən biri regionlararası nəticə fərqləridir. Bakıda güclü məktəblə ucqar kənd məktəbinin eyni imkanlara malik deyil. Buna görə ETN “Məktəblər arasında nəticə fərqinin azaldılması üzrə Milli Proqram” hazırlaya bilər. Burada ən zəif nəticəli məktəblər müəyyənləşdirilməli, səbəblər data əsasında təhlil edilməli, əlavə maliyyə ayrılmalı, mentor məktəblər formalaşdırılmalı, güclü müəllim resursları cəlb edilməli, rəqəmsal dəstək artırılmalı, illik nəticələr ölçülməlidir. Bu, “hamıya eyni resurs” yanaşmasından “ehtiyacı olana daha çox dəstək” yanaşmasına keçid deməkdir...
“TƏHSİL DATA SİSTEMİ” YARADILMALIDIR...
XXI əsrdə təhsil sistemi data olmadan idarə edilə bilməz. ETN-nin qarşısında duran strateji vəzifələrdən biri “Milli Təhsil Data Platforması” yaratmaqdır. Bu platforma şagird, müəllim, məktəb, qiymətləndirmə, davamiyyət, öyrənmə nəticələri, maliyyə, məzun, əmək bazarı, ali təhsil, peşə təhsili haqqında məlumatları əlaqələndirməlidir. Bu məlumatlar yalnız hesabat üçün toplanmamalı, data qərarvermə mexanizminə çevrilməlidir. Məsələn, bir rayonun riyaziyyat nəticələri aşağıdırsa, sistem bunun mümkün səbəblərini müəyyənləşdirməyə imkan verməlidir. Səbəb nədir: müəllim çatışmazlığı, dərslik problem, metodika zəifliyi, məktəb rəhbərliyi, şagirdlərin sosial-iqtisadi vəziyyəti?..
Beləliklə, ETN tədricən məlumat əsaslı nazirlik modelinə keçə bilər...
SÜNİ İNTELLEKT ÜZRƏ MİLLİ TƏHSİL STRATEGİYASI LAZIMDIR...
Süni intellekt artıq gələcəyin texnologiyası deyil. Sİ təhsil sisteminin, tədris prosesinin əsas amilinə çevrilib. Buna görə ETN üçün “Sİ ilə əlaqəli ayrı-ayrı layihələr” daha kifayət deyil. “Milli Sİ və təhsil strategiyası” (və ya Milli təhsilin rəqəmsal transformasiyası strategiyası) hazırlanmalıdır.
Nəzərə alsaq ki, son 25 ildə təhsilin informatlaşması və rəqəmsallaşması üzrə ölkədə heç bir strategiya hazırlanmayıb (baxmayaraq ki, bu istiqamərdə 2004 və 2008-ci illərdə 2 dövlət proqramı icra edilib), ölkə təhsilinin rəqəmsallaşma monitorinqi aparılmayıb, təhsil sisteminin və ayrı-ayrı təhsil müəssisələrinin rəqəmsal yetkinlik səviyyəsi məlum deyil. Bu nöqsanlar təhsil sistemində süni intellektin tətbiqi prosesində nə problemlər yarada bilər.
Milli Sİ və təhsil strategiyası bu istiqamətləri əhatə edə bilər:
• Sİ savadlılığı. Şagird və tələbələr üçün Sİ səriştələri.
• Sİ pedaqogikası. Müəllimlərin Sİ-dən tədrisdə istifadəsi.
• Sİ etikası. Məxfilik, müəlliflik, akademik dürüstlük və insan nəzarəti.
• Sİ infrastrukturu. Məktəb və universitetlər üçün təhlükəsiz rəqəmsal platformalar.
• Sİ əsaslı qiymətləndirmə. Formativ qiymətləndirmə və öyrənmə analitikası.
• Sİ müəllim köməkçisi. Müəllimin rutin işlərinin avtomatlaşdırılması.
• Sİ tədqiqat infrastrukturu. Universitetlərdə Sİ və data elmi laboratoriyaları.
• Milli təhsil modeli. Azərbaycan dilində milli təhsil üçün böyük dil modelləri və bilik sistemləri.
TƏDRİS PROQRAMLARI DAHA ÇEVİK OLMALIDIR…
Sİ dövründə 5-6 il əvvəl hazırlanan proqramla işləmək mümkün deyil. Kurikulumların mütəmadi yenilənməsi üçün “Kurikulum innovasiya mərhələsi (təkmilləşdirmə dövrü)” yaradılmalıdır. Hər kurikulum müəyyən müddətdən bir audit → pilot → qiymətləndirmə → yenilənmə dövründən keçməlidir. Əsas diqqət isə informasiya miqdarına deyil, öyrənmə nəticələrinə yönəlməlidir. Şagirdin yüzlərlə faktı yadda saxlaması yox, həmin faktlardan düşünmə və problem həllində istifadəsi daha əhəmiyyətlidir...
(Davamı var)
Müəllif:
Dosent İlham Əhmədov





























