ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Sentyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə görkəmli alim, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin elmi irsinin təbliği və rəqəmsal mühitdə əlçatanlığının təmin edilməsi məqsədilə hazırlanmış elektron elmi irs və biblioqrafik məlumat bazasının, həmçinin “Alimlər portalı”nın təqdimatı keçirilib.
Tehsilmedia.com xəbər verir ki, tədbirdə Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova yeni layihə və elektron məlumat bazası haqqında məlumat verib. O, layihənin əsas məqsədinin akademik Azad Mirzəcanzadənin zəngin elmi irsinin sistemləşdirilərək rəqəmsal mühitdə daha əlçatan hala gətirilməsi, alim haqqında məlumatların vahid platformada toplanması və gələcək nəsillərə çatdırılması olduğunu bildirib.
Təqdimat zamanı “Alimlər portalı”nın strukturu, məzmunu və istifadə imkanları iştirakçıların diqqətinə çatdırılıb. Elektron məlumat bazasında akademikin həyat və fəaliyyəti, elmi yaradıcılığı, əsərləri, elmi istiqamətləri, mükafatları, pedaqoji və akademik fəaliyyəti, eləcə də zəngin elmi irsi ilə bağlı məlumatlar sistemləşdirilib və rəqəmsal formatda təqdim olunub.
Tədbirdə Yer elmləri və neft mühəndisliyi fakültəsinin dekanı, professor Elman İskəndərov, professor Qafar İsmayılov, Neftqazelmitədqiqatlayihə İnstitutunun əməkdaşı, akademik Azad Mirzəcanzadənin tələbəsi Elçin Kazımov, Neft-qaz mühəndisliyi kafedrasının müdiri, dosent İnqlab Əliyev və fakültənin digər müəllimləri çıxış ediblər. Çıxışlarda akademik Azad Mirzəcanzadənin Azərbaycan elminin inkişafında mühüm rolu, neft-qaz mühəndisliyi və digər elm sahələrinə verdiyi töhfələr, elmi məktəbinin formalaşmasındakı xidmətləri diqqətə çatdırılıb. Eyni zamanda alimin zəngin elmi irsinin qorunaraq rəqəmsal mühitdə gələcək nəsillərə çatdırılmasının, onun elmi fəaliyyətinin sistemli şəkildə öyrənilməsi və təbliğinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Alimlər portalı”na scientists.asoiu.edu.az ünvanı vasitəsilə daxil olmaq mümkündür.





























