Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
“Dərsliklər şagirdlərin istifadəsinə verilməzdən əvvəl bir sıra mərhələdən keçir. Bu prosesdə ictimai müzakirələr mühüm əhəmiyyət daşıyır. Təəssüf ki,təhsil cameəsi dərsliklərin ilkin müzakirəsi zamanı kifayət qədər fəallıq göstərmir”.
Tehsilmedia.org xəbər verir ki, bu fikirləri “AzEdu Podkast”a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri səsləndirib.
O bildirib ki, dərsliyin hazırlanması və şagirdlərin istifadəsinə təqdim olunması çoxmərhələli prosesdir. Dərsliklər hazırlandıqdan sonra əvvəlcə pilot mərhələdən keçirilərək, müəyyən sayda məktəbdə istifadə olunur. Bu müddətdə Təhsil İnstitutunun əməkdaşları həmin məktəblərdə araşdırmalar aparır, sorğular keçirir və müəllimlərin, eləcə də digər iştirakçıların fikirlərini öyrənməyə çalışırlar.
Mütəxəssisin sözlərinə görə, əsas problemlərdən biri məhz bu mərhələdə ictimai iştirakçılığın zəif olmasıdır. O qeyd edib ki, dərsliklər ictimai müzakirəyə çıxarılsa da, müəllim və təhsil mütəxəssisləri - bir sözlə, təhsil cameəsi həmin müzakirələrdə lazımi fəallığı nümayiş etdirmirlər.
O, bu vəziyyətin sonrakı mərhələdə müəyyən ziddiyyətlər yaratdığını da vurğulayıb:
“Dərsliklərlə bağlı təşkil olunan müzakirədə müəlliflərdən biri ictimai müzakirələr zamanı təhsil adamlarının kifayət qədər fəal olmadığını, amma dərslik istifadəyə verildikdən sonra səhvləri bir-bir sadaladıqlarını vurğuladı. Sözlərində həqiqət var; təəssüf ki, bizdə bəzən müzakirəyə qoşulmaqdan daha çox, sonradan qınamaq tendensiyası müşahidə olunur”.
Təhsil mütəxəssisi bildirib ki, ictimai müzakirələrin əsas məqsədi dərsliklər kütləvi şəkildə çap olunaraq şagirdlərin istifadəsinə verilməzdən əvvəl mövcud çatışmazlıqları müəyyənləşdirmək və onların aradan qaldırılmasına nail olmaqdır.
Onun sözlərinə görə, dərsliklər artıq bütün şagirdlərin istifadəsinə təqdim edildikdən sonra problemlərin müzakirəsinə başlamaq əvəzinə, ilkin mərhələdə fəallıq göstərmək daha məqsədəuyğundur.
Bununla belə, mütəxəssis dərsliklərdəki səhvlərə görə məsuliyyəti yalnız ictimai müzakirələrdə iştirakın zəif olması ilə əlaqələndirməyin düzgün olmadığını da diqqətə çatdırıb:
“Biz demirik ki, ictimai müzakirələr zəifdirsə, deməli, dərslikdəki səhvləri tənqid etmək olmaz. Qətiyyən belə deyil. Bu məsələyə haqq qazandırmaq fikrində deyilik. Eyni zamanda, ictimai müzakirələrin təşkili və təbliği istiqamətində də daha çox iş görülməli idi. Bu prosesə daha geniş diqqət ayrılmalı, ictimaiyyətin iştirakı təşviq olunmalı idi”.
O əlavə edib ki, dərsliklərin keyfiyyətinin yüksəldilməsi üçün həm hazırlıq prosesində məsuliyyət artırılmalı, həm də müəllimlərin, valideynlərin və təhsil ictimaiyyətinin rəy bildirməsi üçün effektiv müzakirə mühiti yaradılmalıdır.




























